Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Oxu! Yarat! Qazan!” Yay festivalı keçirir.
Festival çərçivəsində iyulun 17-də kitabxanada “Yarat – daxilindəki sənətkarı oyat!” şüarı altında yaradıcı ustad dərsi təşkil edilib.
Uşaqlar kitabxana əməkdaşlarının dəstəyi ilə müxtəlif bədii fiqurlar hazırlayaraq onları öz zövqlərinə uyğun rəngləyiblər. Eyni zamanda rəngli iplərdən və muncuqlardan bəzək əşyaları düzəldərək fərdi yaradıcılıqlarını nümayiş etdiriblər.
Sonra uşaqların mütaliə və məntiqi düşüncələrinin inkişafına yönəlmiş kitab icmalı təşkil edilib. Onlara “Tibb bacıları”, “Yanğınsöndürənlər” və “İnşaatçılar” adlı kitabların məzmunu barədə ətraflı məlumat verilib. Müzakirə zamanı uşaqların fikirləri dinlənilib, suallar vasitəsilə onların bilikləri möhkəmləndirilib.
Tədbirin əsas məqsədi uşaqlarda estetik zövqü formalaşdırmaq, sənətə və mütaliəyə maraq oyatmaq, həmçinin onların yaradıcı potensialını və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir.