Tarixdəki olaylar

 

23 iyul 1991 – "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub. SSRİ rəhbərliyindən istefa verəndən sonra Sov.İKP üzvü kimi Moskvada qeydiyyatda olan Heydər Əliyev partiyadan çıxmaq barədə iyulun 19-da bəyanat vermiş və ərizəsini Moskvaya, yerli partiya təşkilatına göndərmişdi. O, bəyanatında SSRİ rəhbərliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmasına etiraz etdiyini və kommunist ideologiyasına inamının məhv olduğunu vurğulamışdı.

 

23 iyul 1993 – Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini, rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə erməni qüvvələri rayonun üçdə ikisini işğal etdi. 27 ildən artıq işğal dövründə yerlə yeksan edilən Ağdam şəhəri və rayonun düşmən əlindəki kəndləri 44 günlük Vətən müharibənin nəticəsi olaraq,  2020-ci il noyabrın 20-də azad edildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

23 iyul 1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub.

 

23 iyul 1884 – Alman aktyoru, “Oskar” mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (1884–1950) anadan olub.

 

23 iyul 1888 – Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888 – 26.3.1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.

 

23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

 

23 iyul 1927 – Əməkdar rəssam Hafiz Əliabbas oğlu Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.

 

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (14.11.1942 – 2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı olub.

Hazırladı: Vüqar Orxan