Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi “Kitabi-Dədə Qorqud” dastanı əsasında “Mən – Dədə Qorqud:” Epizod 1. Başlanğıc” adlı tamaşa hazırlayır. Bu, dastanın əlyazmasının orijinal dilində – qədim oğuz dialektində səhnələşdirilən ilk tamaşa olacaq.
Tamaşaya Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov quruluş veiir. Səhnə tərtibatçısı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqraf Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əsgərova məxsusdur.
Rolları Yuğ teatrının aktyorları – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, həmçinin Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər.
AZƏRTAC-ın müxbiri tamaşanın məşqlərinə baxıb, səhnə arxasında bu möhtəşəm mədəniyyət hadisəsinin iştirakçıları ilə söhbət edib.
***
Ön söz
Oğuz xalqının qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” türk mədəniyyətinin, ədəbiyyatının və tarixinin, xüsusən də Azərbaycan xalqının görkəmli abidəsidir. Epos Azərbaycan xalqının 1300 illik tarixini əks etdirir. Dastanın əsas iki versiyası məlumdur: 12 boydan ibarət Drezden və 6 boyu ehtiva edən Vatikan əlyazmaları. Ümumilikdə, “Kitabi-Dədə Qorqud”a daxil olan dastanların əsas hissəsinin XV əsrdə qələmə alındığı qəbul edilir. Eposdan bir fraqmentin ilk çap nəşri - “Basatın Təpəgözü öldürdüyü boy” 1815-ci ildə, yəni 210 il əvvəl Berlində çap olunub. Eposun rus dilinə tam tərcüməsi 1922-ci ildə V.V.Bartold tərəfindən həyata keçirilib. 1938-ci ildə Bakıda “Kitabi-Dədə Qorqud”un tam versiyası nəşr olunub. Eposun hər biri müstəqil süjetə malik olan nəsri ön sözdən və on iki boydan ibarətdir. Süjetlər bəzi ümumi personajlarla bağlanır. Ağsaqqal Dədə Qorqud tayfanın patriarxı, rəvayətləri nəql edən ozan kimi bütün epizodlarda iştirak edir. O, eyni zamanda, hadisələrin iştirakçısı olaraq, dastandakı boyların yaradıcısıdır.
Qorqud Ata oğuzların islamaqədərki mərhələsində, təqribən V-VI əsrlərdə yaşamış tarixi şəxsiyyətdir. O, oğuzlar arasında geniş yayılmış qədim dastan və rəvayətləri zamanın ruhuna uyğun yeni məzmunda söylədiyi kimi, həm də yaşadığı dövrün adlı-canlı igidlərinin şərəfinə boylar düzüb-qoşmaqla gələcək nəsli vahid dövlətçilik ideyası ətrafında birləşdirmək məqsədi güdüb.
Birinci fəsil: Tamaşanın rejissoru danışır
Rejissor Mikayıl Mikayılov eposun Türk dünyası və şəxsən onun özü üçün əhəmiyyətindən bəhs edib:
“Dədə Qorqud” dastanı türk xalqının nümayəndəsi kimi, mənim etnik kimliyimin mühüm bir hissəsidir. Dastanlar xalqın ruhu, onun sirlər xəzinəsidir. Bu, xalqın irsinin və mədəniyyətinin, bütün arxetiplərinin, keçmişinə, tarixinə dair biliklərin yerləşdiyi müqəddəs məkandır. Belə ki, “Dədə Qorqud” dastanı ilə Türk dünyası öz kökünə söykənir. Burada ölümsüzlüyə nail olmaq üçün çox çətin sınaqlardan keçən qəhrəmanlardan bəhs edilir, əbədiyyət isə o zaman olur ki, xalq öz mədəniyyətini, tarixini xatırlasın və bu yaddaşı qoruyub saxlasın, yazıya alsın və onu tamaşaçıya çatdırmağa çalışsın”.
İkinci fəsil: “Mən – Dədə Qorqud” layihəsi haqqında
Rejissor ilk dəfə deyil ki, eposa müraciət edir: onun “Dirsə xan oğlu Buğaç” boyu əsasında 2015-ci ildə tamaşaya qoyduğu “İlahi oyun” həmin vaxt böyük uğur qazanmışdı. Mikayıl Mikayılov yeni quruluşda tamaşaçısını nələrin gözlədiyi barədə danışıb, həmçinin bütün eposun səhnələşdirilməsi ilə bağlı layihənin ideyasını bölüşüb.
“Artıq düz on il əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dədə Qorqud”u tamaşaya qoymuşam. Bu tamaşanın kifayət qədər maraqlı taleyi olub, bir sıra festivallarda iştirak edib, çox yaxşı rəylər alıb. Yeni tamaşa üçün bu tamaşanın müəyyən strukturunu saxlamışam. Amma indiki layihədə bu tamaşa 12 boydan ibarət silsilə kimi göstəriləcək. Yuğ Teatrının poetikasına bələd olan rejissor və teatrımızın yaradıcısı Vaqif İbrahimoğlunun tələbəsi kimi, birinci boydan başlayıram və bu tamaşa “Mən - Dədə Qorqud”: Epizod 1. Başlanğıc” adlanır. Yəni, bu, həm eposun, həm kosmosun, həm də həyatın başlanğıcıdır – əvvəlin lap əvvəli! Bu hissədə bütün canlıların doğulması təsvir olunur. O, hər şeyin başlanğıcı olan ailə üçlüyü obrazında təcəssüm etdirilir. Burada belə bir təhlükə meydana çıxır ki, ata və oğul münaqişəsi səbəbindən bu təməl dağıla bilər. Üzərində həyatın qurulduğu həmin təməlin əhəmiyyətini göstərmək çox vacibdir”.
Üçüncü fəsil: Tamaşanın üslubu haqqında
Rejissorun fikrincə, tamaşanın qeyri-adi üslubu mətn kimi anaxronist və sinkretik müstəvidədir. Tamaşanın mühüm özəlliyi ondan ibarətdir ki, “Mən - Dədə Qorqud” layihəsindəki bütün pyeslər kimi, bu tamaşa da qədim oğuz dilində səhnəyə qoyulacaq.
Bu formatda konkret vaxt yoxdur – tamaşa yadda saxlamalı olduğumuz keçmişin bir növ xatırlatmasıdır, arxaikliyə qayıtmaq, qaydaları bərpa etmək üçün güc alacağımız yerə doğru müəyyən reduktiv üsuldur. Tamaşa sayəsində deyə bilərik ki, biz keçmişə, sivilizasiyanın yarandığı və həm mədəni, həm də texniki cəhətdən inkişafa başlandığı mağaraya qayıdırıq.
Məlum olduğu kimi, dastan indi danışmadığımız oğuz dilində yazılsa da, onun mətnində çox şey aydındır. Yeri gəlmişkən, türk xalqlarını birləşdirən də məhz bu dildir. Ona görə də düşündüm ki, bu dialektin məlahətini qoruyub saxlamaq çox gözəl olar, çünki onun öz səsində türk xalqlarının müxtəlif dillərindən mifoloji və birləşdirici cəhətlər var. Mənə elə gəlir ki, bunu çatdırmaq çox vacibdir. Əlbəttə, bu çətindir, çünki aktyorlar tamam başqa ləhcədə danışmalı, bizim öyrəşdiyimizdən fərqli vurğular etməlidir, lakin bu, tamaşanın özünə o zamanlardan gəlib çatan ab-havaya çox mühüm səs çaları qatır.
“İndi hanı o dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!
Dördüncü fəsil: Tamaşanın rəssamı nəql edir
Quruluşçu rəssam Mustafa Mustafayev layihədə iştirakın onun üçün niyə çox maraqlı olduğunu açıqlayıb:
“Bir türk mədəniyyətinin nümayəndəsi, etnik türk, türklərin mədəni genlərinin daşıyıcısı kimi, bu dastan mənim həyatımın ayrılmaz hissəsidir. Bu, gözəl bir ədəbi abidədir! Əlbəttə, bir teatr sənətçisi kimi, bu layihədə özümü ifadə etmə formatı mənim üçün çox maraqlıdır. Bu layihəyə marağımın başlıca səbəbi onun ən çox sevdiyim rejissor Mikayıl Mikayılov tərəfindən səhnələşdirilməsi ilə bağlıdır. Məhz onun interpretasiyasında bu dastan mənim üçün çox vacib bir bəndə çevrilən fərqli bir rəng alır.
Beşinci fəsil: Dekorasiyalar haqqında
Mustafa Mustafayev vurğulayıb ki, tamaşa üzərində iş hələ 2014-cü ildə, bu quruluşun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nəzərdə tutulduğu vaxtdan başlayıb.
“İsrafil İsrafilov o vaxt Azərbaycan Dram Teatrının direktoru idi. Bu ideyanı o, Mikayıl Mikayılova təklif etmişdi. Mikayıl mənə etnomüzikl yaratmaq arzusundan danışmışdı. Yadımdadır, biz uzun müddət onun formasını axtarırdıq. Yay vaxtı idi. Mikayılla Buzovnadakı bağda tez-tez görüşürdük. Dekorasiyaların ideyası dəniz sahilində yarandı. Kreslolarda oturaraq ayaqlarımızın altındakı qumu hiss edirdik. Bu, məndə dekorasiyaların formatına qum və daş fakturaları əlavə etmək fikri doğurdu. Sonra həmin ideya başqa obrazlarla zənginləşdi. Nəhayət, bu fikir bizi Altayda tapılan türk qəbir daşlarına apardı.
Altıncı fəsil: Gizli şifrlər haqqında
Quruluşçu-rəssam tamaşadakı gizli mətləbin vizual forma vasitəsilə şifrlənməsi barədə fikirlərini də bölüşüb.
“Şifr Tenqridir. Dərin türk mədəniyyətinin mesajı və saflıq, ədalət, xeyirxahlıq idealı kimi, hər şey Türk dünyasının bu tək Tanrısında cəmləşib. Bu tarix bizim DNT-mizin dərinliklərində, şüuraltımızda yerləşib. Biz yaradıcılıqla məşğuluq: rejissor ruh, ab-hava yaradır, mən isə tamaşaçıya bu aləmi, onun maddiliyini dərk etməyə kömək edən vizual rəsmlər çəkirəm, yəni, illüziyalar yaradırıq. Bax, bu şifr bizə həmin illüziyaları yaratmaqda kömək edir. Tenqri elə onun özüdür – gəldiyimiz yerə də gedəcəyik...”
“...Adını mən verdim, yaşını, taleyini Tenqri versin”
Yeddinci fəsil. Musiqi haqqında
Mikayıl Mikayılov qeyd edib ki, artistlər mətni dramatik şəkildə deyil, həm də plastik və musiqili formatda çatdırırlar. Eyni zamanda, tamaşada müxtəlif musiqi üslubları səslənəcək.
“Mahnılardan, rəqslərdən, ayinlərdən istifadə olunacaq. Tamaşada müxtəlif musiqi üslubları var: həm türk, həm də müasirlik elementləri olan musiqi, hətta rok səsləndiriləcək. Mətndə olduğu kimi, zamanların sintezini yaratmaq üçün melodiyanın özündə sinkretizm notlarını daxil etməyə çalışmışam. Bəzən müəyyən ritual məqamlardan çıxış edəcəyik ki, bu da bir növ musiqi üslubu kimi hiss olunacaq".
Səkkizinci fəsil: Tamaşanın xoreoqrafı haqqında
Tamaşanın xoreoqrafı Anar Mikayılov yaradıcılıq peşəsinin təmsilçisi və Azərbaycan mədəniyyətinin nümayəndəsi kimi eposun onun üçün dərin məna kəsb etdiyindən danışıb: "Dədə Qorqud" dastanı Türk dünyasında, buna uyğun olaraq Azərbaycan mədəniyyətində də mühüm yer tutur. O, türk xalqlarının məişətindən, adət-ənənələrindən bəhs edir. Mənim üçün bir rəssam, xoreoqraf, Azərbaycan mədəniyyətinin nümayəndəsi kimi bu, bir xəzinədir. Bizim qorumalı olduğumuz çox qiymətli xəzinə!".
Doqquzuncu fəsil: Xoreoqrafiya üzərində iş
Anar Mikayılov tamaşanın xoreoqrafiyası üzərində işləməyin sirrini də bölüşüb: "Tamaşalarda personajın xoreoqrafiyası üzərində işləmək üçün rolu, obrazların xarakterini, onların emosional vəziyyətini öyrənmək, tamaşanın konsepsiyasını və üslubunu pozmadan bu rola uyğun hərəkətlər seçməyə çalışmaq lazımdır. Bu quruluşda sənətçilərin imkanlarını nəzərə almaq mənim üçün vacib idi. Xoşbəxtlikdən, onların rəqsdəki potensialı mənə imkan verdi ki, ən çox istədiyim tərzdə tamaşaya mürəkkəb və emosional hərəkətləri gətirim. Bu, tamaşanın ideyasına uyğun gəlir”.
“Bayandır xanın ağ meydanında bu oğlan cəng etmişdir. İndi ki, oğlun buğanı yıxıb, onun adını Buğac qoydum. Adını mən verdim, yaşını Tanrı versin”.
Onuncu fəsil: Tamaşanın personajları haqqında
Məlum olduğu kimi, “Dədə Qorqud” dastanı müxtəlif xarakterlər və izdiham səhnələri ilə zəngindir. Mikayıl Mikayılov bu mühüm məsələyə maraqlı rejissor həlli tapıb: “Hekayənin təməlinə qoyduğum süjetə əsaslanaraq, personajların sayını dördə qədər məhdudlaşdırmaq qərarına gəldim. Bu dörd obraz paralel olaraq bir neçə rol oynayır. Mən tamaşanın personajlarını bəzi ozanlar - bu dastanı bizə danışan nağılçılar kimi təyin etdim. Eyni zamanda, onlar bəzi ilahi şəxsiyyətlərdir. Mən süjetə tamamilə fərqli, özünəməxsus nöqteyi-nəzərdən yanaşdım. Tamaşa yenə də bir neçə süjetdən ibarət olan əsas hekayələrdən ibarətdir. Yenidən tapmaq üçün özünü itirmək dramını canlandıran mifik varlıqlar, yəni bu, bir növ kosmoqoniyadır - onlar hind yoqları və ya Tibet rahibləri kimidirlər, öz mağaralarının səssizliyi ilə kosmosun bütün tarixi ilə əlaqəni yaşayırlar və öz reallıqlarını unutduqları reallıq çərçivəsində, yəni, bu, ilahi oyunun arxasında müəyyən bir kosmik yaradıcılıq prinsipinə uyğun niyyətdir, ona görə də mən bu tamaşanın janrını – “İlahi oyun” adlandırıram. Əsas personajlar ana ozan, ata ozan və Dədə Qorqudun özüdür. Ata, ana və oğul obrazları bir növ ailə üçlüyüdür və bütün dinlərə, mifologiyalara aiddir. Bu, dünya nizamının əsasıdır və onun yoxluğu xaosun başlamasına səbəb olur”.
On birinci fəsil: Tamaşada iştirak edən aktyorlar haqqında
Azərbaycan Dövlət Yuğ Teatrının aktyorları “Mən - Dədə Qorqud” tamaşasında iştirakın onlar üçün nə demək olduğu, səhnədə keçirdikləri hisslər və arxaik mətnlə işləməyin çətinliyi barədə danışıblar.
Vidadi Həsənov:
"Bu tamaşa mənim üçün bir səyahətdir. Dədə Qorqud obrazında səhnəyə çıxarkən, özümü zamanın və zəngin mədəniyyətin bir parçası kimi hiss edirəm. Biz arxaik mətnlə işləyirik - asan deyil, amma çox maraqlıdır!”.
Qasım Nağı:
“Mən - Dədə Qorqud” tamaşası mənim üçün yeni mərhələ və sınaqdır. Müqəddəs epos mətnini orijinal variantda işləmək, mətləbləri aydınlaşdırmaq, mənimsəmək və psixosof teatr poetikasına xas həmmuəlliflik etikasını qorumaq tamamilə yeni yanaşma tələb edir. Nə hiss edirəm?.. Həyəcan, məsuliyyət və qürur: görəsən məndə sığarmı Dədə Qorqud?..”.
Mətanət Abbaslı:
“Bu tamaşa mənim üçün öz kimliyimlə qarşılaşmaq deməkdir, onu tanımaqdır, onunla qarşı-qarşıya dayanmaqdır, ona qovuşmaqdır. Mətnlə çalışmaq o qədər də çətin olmadı, hətta deyərdim ki, çox xoşuma gəlir. Belə bir mətnlə işləmək məmnunluq hissi doğurur. Səhnəyə çıxanda, bu tamaşada özümü eyni vaxtda müxtəlif zamanlarda hiss edirəm”.
Nigar Mürsəlova:
“Bu tamaşa mənim üçün böyük bir məsuliyyətdir. Həmçinin də psixoloji və fiziki təmizlənmək – saflaşmaq deməkdir. Deyə bilərəm ki, orijinal mətn həm çətindir, həm də bir müddət sonra onunla işləmək zövq verir”.
Amid Qasımov:
“Bu tamaşa məndən 315 kilometr aralıda, kənddə yaşayan atama salam göndərməkdir. Mətnə gəldikdə bunu deyə bilərəm. Orijinal və ya qeyri-orijinal istənilən mətn teatr üçün xammaldır. Səhnəyə öz rolumda çıxdıqda, özümü uçuş halında hiss edirəm, sanki, sadəcə, uçuram”.
Vüqar Hacıyev:
“Bu pyes mənim həm keçmişim, həm də sabahımdır. Bu cür mətn çətinliyi ilə deyil, qədim olması ilə məni keçmişimə daha da möhkəm tellərlə bağlayır. Bu rol məndə duyğularımın yerlə göy arasında zamansızlıq içində olduğu mühitdə özümü tanımaq, tapmaq hissləri yaşadır. Bir başlanğıc kimi…”.
On ikinci fəsil: Dünyanın sonu haqqında...
Mikayıl Mikayılov əlavə edib ki, 12 boyun hamısı səhnələşdirildikdə, onlar bir böyük tamaşada birləşdiriləcək.
“Bu layihə Vaqif İbrahimoğluna həsr olunub və ona görə də 12 boyun hamısı onun tələbələri tərəfindən səhnələşdiriləcək. Sonuncu epizod “Dünyanın sonu” adlanacaq. Yəni, bütövlükdə, dastan bir növ dünyanın yaradılmasını əks etdirir, bu, bütün mifologiyalarda var və sonda qiyamətlə bitir. Sonra bu dastanın 12 boyunu birləşdirəcək və böyük formatda tamaşa oynayacağıq. Yəni, tamaşa bir neçə saat davam edəcək. Xarici ölkələrdə bir-iki-üç saat davam edən tamaşalar təcrübəsi var, amma Azərbaycan teatrı üçün bu, ilk dəfə olacaq. Bir rejissor kimi, bütün mümkün gizli sirlərin bir xəzinəsini - insanın təbiətlə vəhdəti, öz keçmişinə qayıtması, onun ilahi mahiyyəti ilə təmasda olması ideyasını tamaşaçıya çatdırmaq vacibdir, çünki bu əlaqə olmadan hər şey məhvə və fəlakətə - qiyamətə məhkumdur”.
“Dədəm Qorqud boy boyladı, soy soyladı, bu Oğuznaməyi düzüb-qoşdu”.
Qeyd edək ki, “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerasının sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Tamaşa artıq bir neçə beynəlxalq festivaldan dəvət alıb.