Şuşa Qlobal Media Forumunda dünyanın müxtəlif ölkələrindən media nümayəndəsi iştirak edir. Biz burada bir araya gələrək müasir medianın gündəliyində duran vacib və problematik məsələləri müzakirə edirik. Builki Şuşa Qlobal Media Forumunun əsas müzakirə mövzularından biri süni intellektin mediaya təsiridir. Çünki süni intellekt həyatımızın müxtəlif sahələrinə, o cümlədən media sahəsinə ciddi şəkildə təsir edir. Artıq medianı texnologiyadan ayrı düşünmək mümkün deyil.
Bu sözləri III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri v deyib.
O qeyd edib ki, öyrəşdiyimiz ənənəvi media bu gün rəqəmsal texnologiyaların inkişafı nəticəsində dönüş mərhələsini yaşayır. Əgər əvvəllər biz sosial medianın ənənəvi mediaya təsirini müzakirə edirdiksə, bu gün artıq süni intellektin media mühitinə təsiri konkret müzakirə mövzusuna çevrilib. Bu, qaçılmaz bir faktdır.
“Süni intellektin insan amilini əvəz etməsi mövzusu isə gələcəyin göstərəcəyi bir məsələdir. Ancaq səmimi olaraq mən buna inanmıram. Mənə görə, süni intellekt insan əməyini əvəz etməkdən daha çox, jurnalistlərin fəaliyyətinə dəstək göstərən, onu tamamlayan bir vasitə olacaq. Media sahəsində çalışan peşəkarların işi yalnız informasiya toplamaqla bitmir, yaradıcılıq, düşüncə və etik yanaşma tələb olunur.
Digər tərəfdən, süni intellekt bizə böyükhəcmli məlumatların analizi, sürətli məlumat çıxarışı, tərcümə işlərinin avtomatlaşdırılması və “Big Data”nın təhlili kimi sahələrdə əvəzsiz kömək göstərir. Artıq bəzi media qurumlarımız bu texnologiyaları tətbiq etməyə başlayıb. Xüsusilə rus və ingilis dillərində avtomatik tərcümə və arxa səs xidmətləri müəyyən müsbət nəticələr verir”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib.
O, süni intellektin informasiya qəbul etmək, özlüyündə təhlil aparmaq və qərar vermək imkanlarının da artdığına diqqət çəkib: “Süni intellekt hətta alqoritmik proseslərə təsir edə biləcək gücdədir. Bu da peşəkar jurnalistikanın süni intellektin mümkün manipulyativ təsirlərinə məruz qalması ehtimalını gündəmə gətirir.
Biz artıq televiziya və onlayn media subyektlərinin rəhbərləri ilə bu istiqamətdə mütəmadi olaraq görüşlər keçirir, praktiki tətbiq imkanlarını müzakirə edirik”.
***
Azərbaycan jurnalistikasının inkişafından söz açan Prezidentinin köməkçisi vurğulayıb ki, bu gün kontent yaradıcılığı baxımından medianın göstəriciləri artıb.
"Müstəqilliyimizin ilk illərindən Azərbaycan, təəssüf ki, həmişə sistematik şəkildə dezinformasiya, psixoloji müharibə həddinə çata biləcək hücumlara məruz qalıb. Dünən Prezident İlham Əliyev də Azərbaycan media mənsubları və beynəlxalq ictimaiyyətin suallarına cavab verərkən bu məsələ barəsində ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik", – deyə o bildirib.
Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar olduğunu diqqətə çatdıran H.Hacıyev bu günlərdə dezinformativ məsələlərin müzakirə edildiyi zaman sosial media və süni internet platformalarının ön sırada olduğunu bildirib. “Lakin biz Azərbaycanın təcrübəsində baxa bilərik ki, kifayət qədər nüfuzlu media resursları ölkəmizə qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıralardadır. Burada “Le Figaro”, “Le Monde”dən başlamış digər “fake news” mediaları da qeyd edə bilərik. Media platformalarında süni intellektin tətbiq olunması ilə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək bir formada “deep fake” texnologiyası əsasında geniş dezinformasiyalar aparılır. Həmçinin erməni diaspor dairələrinin ölkəmizə qarşı müxtəlif narrativlərdən istifadə edərək, Qarabağın yenə də tarixini təhrif edərək, müxtəlif dini mövzuları gündəmə gətirərək ölkəmizə qarşı kampaniyalar aparıldı”, - deyə o, əlavə edib.
Prezident İlham Əliyevin beynəlxalq media ilə görüşünü qeyd edən Prezidentin köməkçisi istər Vətən müharibəsində olan təcrübə, istərsə də Şuşa media platformasında həmişə dövlətimizin başçısının beynəlxalq media nümayəndələri ilə açıq, səmimi və geniş spektrli bir müzakirə ilə görüşə başladığını qeyd edib: “Dünən özünüz də şahidi oldunuz ki, iki saat yarımdan artıq dünyanın 50-dən artıq ölkəsindən təmsil olunan jurnalistlərin suallarını Prezident açıq, aydın cavablandırdı. Bu isə ölkəmizə qarşı aparılan informasiya cəbhəsinin yarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib komponentlərindən biridir. Eyni zamanda, Azərbaycan mediasının rolunu qeyd etmək istərdim ki, onlar ölkəmizin milli maraqlarından çıxış edərək istər Vətən müharibəsində olduğu kimi, istərsə də indi bu kampaniyaların qarşısında bir sipər rolunu oynayır”.
Onun sözlərinə görə, yerli media nümayəndələri Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb: “Bu gün kontent yaradıcılığı və kontent istehsalı baxımından Azərbaycan mediasının göstəriciləri əsaslı dərəcədə artıb. Bu, təkcə Azərbaycan dilinə yox, həmçinin digər dillərə şamil edilir: rus, ingilis və digər dillər. Təqdim olunan kontentlərin keyfiyyəti də əsaslı dərəcədə artıb. Hesab edirik ki, bunlar ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısının alınmasında vacib alətlərdən biridir. Son dövrlərdə “fact checking” yanaşmaları da mediamızda geniş yayılıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları təkzib və ifşa edən yanaşmaları əsaslı dərəcədə artıb”.
***
Prezidentin köməkçisi “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzulu III Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında da bu məsələyə toxunub.
Qeyd edib ki, Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur. “Bəşəriyyət olaraq sosial medianı idarə etməyi bacarmamaq bizim üçün məğlubiyyətdir. Bu böyük xaos yaradır. Beynəlxalq institutlar, təsisatlar süni intellektin etik normalarını nəzərə almalıdır. Biz bu gün rəqəmsallaşmış bir media haqqında danışırıq, hansı ki bizim fikirlərimizi dəyişir. Biz maşınlara qarşı mübarizə aparırıq. Bəşəriyyət yeni düşüncə, platforma yaradıb. O bizim kimi düşünən bir varlıqdır”, – deyə H.Hacıyev əlavə edib.