Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir keçirilib.
AMEA-dan bildirilib ki, Türkiyə, Macarıstan, Moldova, Belarus, Qazaxıstan və Özbəkistandan gəlmiş yazarların iştirak etdiyi tədbirdə “Şuşaya salam”, “Şeir məni yazır”, “Brejnevin maskaları” kitablarının da təqdimatı olub.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli giriş sözündə 91 yaşlı elm ocağı haqqında qonaqlara məlumat verib, institutda dünya və türk xalqları ədəbiyyatlarını öyrənən şöbələrin olduğunu da diqqətə çatdırıb. İnstituta aid elmi nəşrlər haqqında danışan Həbibbəyli ədəbiyyatşünaslığı öyrənən jurnallardan da bəhs edib. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sayının özbək ədəbiyyatına, bir sayının da qazax ədəbiyyatına həsr edildiyini deyib. İnstitutda Çingiz Aytmatovun tədqiq edilməsini, Yunus Əmrənin Azərbaycan dilində çap edilməsini xatırladan akademik İsa Həbibbəyli Məlahət Qədirova tərəfindən Belarus ədəbiyyatına aid üç cilddə antologiyanın hazırlandığını da qeyd edib. Macar ədəbiyyatına aid dissertasiya yazıldığı, macar ədəbiyyatı tarixi kitabının Azərbaycan dilinə çevrildiyi, yaxın günlərdə çap ediləcəyi diqqətə çatdırılıb.
Türkiyə ədəbiyyatının Azərbaycanın bütün elm mərkəzlərində, xüsusilə Akademiyada hərtərəfli öyrənildiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın dünya xalqları ilə elmi əlaqələr formalaşdırdığını da ifadə edib. Dünya ədəbiyyatı nümunələrinin tərcümə və təbliği sahəsində şair, tərcüməçi Səlim Babullaoğlunun xüsusi rolunu da vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu çıxışında “Şuşa İli”ndə həyata keçirilən “Şuşaya salam” layihəsi haqqında məlumat verib. Layihədə 32 ölkənin şairlərinə müraciət edildiyini bildirib. Qonaqların hər biri haqqında iştirakçıları məlumatlandıran Səlim Babullaoğlu Nikolae Spetarunun “Brejnevin maskaları” romanının, Atilla Balaşın “Şeir məni yazır” kitabının tərcümə olunaraq Azərbaycan oxucusuna təqdim edilməsindən danışıb.
Qonaqlardan macar şairi Atilla Balaş, moldovalı Nikolae Spetaru, Türkiyə yazarları Adnan Özer, Barış Bahar, Belarus şairi Mariya Kobets, qazax alim və şair Kadırbek Kunıpiyaulı, özbək şair Adhambek Alimbekov ana dillərində şeirlərini səsləndiriblər. Şeirləri Azərbaycan dilində Səlim Babullaoğlu təqdim edib.
Filologiya elmləri doktoru Abuzər Bağırov vətənpərvərlik mövzusunda şeirini oxuyub, AYB Gənclər şurasının sədri Fərid Hüseyn Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə həyata keçirilən layihələrdən söz açıb.