Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihə həyata keçirilir.
İyulun 19-da layihə çərçivəsində ilk nümayiş olub.
Dənizkənarı bulvarda açıq hava altında qurulan böyük ekranda Azərbaycan kinosunun incilərindən biri – C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1955-ci ildə istehsal olinan “Görüş” filmi göstərilib.
Məqsədi gənc nəslin milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq olan yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.
Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.
“Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunun 127-cu ildönümünə həsr olunacaq. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş ediləcək.