“Azərbaycan Nəşriyyatı” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir.

İncəsənət və mətbuatın kəsişdiyi yaradıcı platforma iyulun 22-dək davam edəcək.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş bir araya gəlib.

Onlar müxtəlif ölkələri, mədəniyyətləri və estetik dünyagörüşlərini təmsil etsələr də, bu gün ortaq bir mövzu ətrafında düşünür və yaradırlar: “Qloballaşan dünyada incəsənətin və mədəniyyətin birləşdirici gücü”. 

“Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında reallaşan simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

***

 AZƏRTAC-ın müxbiri simpozium iştirakçılarının bir neçəsi ilə həmsöhbət olub.

“Mətbuat çənbəri” – informasiyanın fasiləsiz axını

Azərbaycanlı rəssam Tural Möyüfov hazırladığı “Mətbuat çənbəri” instalyasiyası ilə simpozium və sərginin əsas əhəmiyyətini belə izah edir: “Bu tədbir yerli və xarici rəssamlar arasında mədəni fikir mübadiləsi yaradır və rəssamların öz potensialını nümayiş etdirməsi üçün böyük imkanlar açır. Hazırladığım instalyasiya mətbuatın və informasiya axınının insan həyatında nə qədər vacib və daimi yer tutduğunu vurğulayır. Biz gündəlik olaraq yenilənən informasiyaya məruz qalırıq və bu məlumatlar insan həyatına dövrü, bütöv bir sistem kimi təsir göstərir. Məqsədim mətbuatın fasiləsiz yenilənməsinə diqqət çəkməkdir”.

İtirilmiş parçaların yenidən canlandırılması

Mərakeşli sənətkar Hassan Burkia əsərlərində istifadə etdiyi əşyaları müxtəlif yerlərdən — Bakıdan, Mərakeşdən, yolda və küçələrdən topladığını bildirib. Onun sözlərinə görə, bu əşyalar əvvəllər bir-biri ilə əlaqəsiz, heç bir aidiyyəti olmayan məkanlarda olub. Lakin indi onlar sənət əsərində bir araya gələrək yeni bir məna qazanır.

Əsərlərində əsas material olaraq külə müraciət edən sənətkar bu seçimin təsadüfi olmadığını vurğulayır: “Təsəvvür edin, mənim əsas materialım — kül, yəni yanıb yox olmuş, amma eyni zamanda, min bir həyat daşıyan maddədir. Külün dünyanın hər bir mədəniyyətində, hər bir sivilizasiyada dərin və simvolik anlamı var. Onun içində saysız həyat izləri mövcuddur — kəpənəklər, geyim parçaları, saç telləri, insanın zamanla dəyərsiz hesab edib atdığı şeylər... Mən bu vasitə ilə kənara atılmış parçaları toplayır və onları əsərlərimdə bir iz, bir yaddaş kimi əks etdirirəm”.

Tarixdən günümüzə mətbuatın izləri

Simpozium iştirakçılarından olan rəssam Tahir Ələkbərov “Mətbuatın izləri” adlı əsərində Həsən bəy Zərdabidən başlayaraq onun işinin davamçılarını əks etdirdiyini bildirib.

“Əsərdə Cümhuriyyət dövründən əvvəl mövcud olmuş qəzetlərin adlarını qeyd edirəm. O vaxt qəzetlər ərəb əlifbası ilə nəşr olunurdu, sonralar Kiril, daha sonra isə latın əlifbasına keçid baş verdi. Bu mərhələlər bir-birini ardıcıl izləyərək günümüzə qədər davam edib. İstəyirəm ki, bu izləri yenidən araşdıraq, mətbuatın necə və haradan başladığını, onun inkişaf tarixini daha dərindən öyrənək”, — deyə o vurğulayıb.

Şəhər, buz və təbiət: insan və ətraf mühitin zərif əlaqəsi

Macarıstanlı rəssam Katalin Verebiks isə təqdim etdiyi işdə şəhər, buz və təbiət arasındakı əlaqəni əsas mövzu kimi ön plana çıxardığını bildirib. Onun sözlərinə görə, bu üçlük — yəni insan tərəfindən inşa edilmiş şəhər məkanı, sərt və saf elementi olan buz və canlılığı təcəssüm etdirən təbiət onun yaradıcılığında dərin simvolik məna daşıyır. 

Rəssam bu elementlərin bir araya gəlməsini insanla ətraf mühit arasında mövcud olan zərif və kövrək münasibətin vizual təcəssümü kimi təqdim edir. O, əsərində bu balansın bəzən pozulduğunu, bəzən də harmoniya içində olduğunu vurğulayaraq, tamaşaçını düşünməyə və hiss etməyə sövq edir.

Katalin Verebiks üçün buz yalnız fiziki bir maddə deyil — o, keçiciliyin və dəyişməzliyin metaforasıdır. Şəhər isə insanın müdaxiləsini, iradəsini və transformasiya qabiliyyətini təmsil edir. Təbiət isə bu ikisinin arasında həm müqavimət göstərən, həm də onlarla harmoniyaya girməyə çalışan canlı bir varlıq kimi çıxış edir.

Bu yanaşma rəssamın ekologiyaya, iqlim dəyişikliyinə və şəhər mühitində insanın mövqeyinə olan incə və poetik münasibətini ortaya qoyur.

***

Qeyd edək ki, simpozium günlərində təşkil olunan ustad dərsləri və açıq studiyalar sənətkarlarla daha yaxın təmas qurmağa şərait yaradır. Ziyarətçilər canlı olaraq yaradılan əsərləri izləyir, sənətkarların fikirlərini dinləyirlər.

Azərbaycan mətbuatının 150 illik tarixinin sənət vasitəsilə şərhi həm yaddaşın qorunmasına, həm də gələcək nəsillərə fərqli baxış bucağı ilə ötürülməsinə imkan verir. “Azərbaycan Nəşriyyatı”nda bir həftə davam edəcək yaradıcı platformanın ziyarətçiləri təkcə incəsənətə deyil, həm də mətbuat tariximizin bədii təfsirinə şahid olacaqlar.