Mingəçevir Turizm Kollecində 2024/2025-ci tədris ilində təhsili başa vuran tələbələrin “Məzun günü” tədbiri keçirilib. 

Kollecin direktoru Kamal Əhmədov məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Tələbələrin qazandıqları bilik və bacarıqların onların gələcək peşə həyatında mühüm rol oynayacağına əminliyini bildirən direktor, həmçinin müəllim heyətinə təşəkkür edib, pedaqoji kollektivin əziyyətini yüksək qiymətləndirib.

Təhsil proqramını uğurla başa vuran, dərslərində yüksək nəticələr göstərən, bilik yarışlarında fəal iştirak edən, bədii özfəaliyyət tədbirlərində aktivliyi ilə seçilən tələbələr fəxri fərmanla təltif ediliblər.

Tədbirin rəsmi hissəsindən sonra tələbələrin ifasında səsləndirilən musiqilər və təqdim olunan milli rəqslər maraqla qarşılanıb.

Sonda şəhid leytenant Kənan Abdullayevin anası, kollecin əməkdaşı Azadə xanım məzun tortunu kəsərək tələbələri səmimi qəlbdən təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.