Prezident İlham Əliyev iyulun 14-də Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Samux rayonu, Yevlax rayonu və Qax rayonunda dövlət ehtiyat fondu torpaqlarından müvafiq sahələr ayrılmaqla  Axar-Baxar Milli Parkı yaradılır. 

İlisu Milli Parkı isə Zaqatala rayonunun və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından müvafiq sahələr ayrılmaqla təşkil edilir.

Xatırladaq ki, 2003-cü ildə Qax rayonu ərazisində Axar-Baxar dağ silsiləsini də əhatə edən Qax Dövlət Təbiət Yasaqlığı yaradılıb. Qax rayonu ərazisindəki İlisu Dövlət Təbiət Qoruğu isə 1987-ci ildə təşkil edilib.

***

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılsın.

2. Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2025-ci il