Gəncə Dövlət Milli Dram Teatrı ilk dəfə Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı ilə birgə tamaşa hazırlayıb.

Nodar Dumbadzenin "Kukaraça" əsərinin motivləri əsasında tamaşa gürcü və Azərbaycan dillərində səhnələşdirilib. 

Səhnə əsəri iyulun 12-də hər iki teatrın aktyorlarının iştirakı ilə 5-ci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalında  nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Ozurgeti Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru Vasil Çiqoqidze, layihənin rəhbəri Azərbaycan Akademik Musiqili Teatrın direktoru Aqil Bəhramlı, koordinatoru və rejissoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.

Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı 5–15 iyul tarixlərində keçirilən 5-ci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalında məhz "Kukaraça" tamaşası ilə təmsil olunub.

Tamaşanı Gürcüstanın Gəncə şəhərindəki Baş konsulluğun nümayəndələri, Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov, həmçinin Gürcüstandakı diplomatik korpusun təmsilçiləri, mədəniyyət xadimləri də izləyiblər.

Baş konsul F.Əzizov tamaşanı səhnələşdirən təşkilatçılara və aktyor heyətinə təşəkkür edib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.