Tarixdəki olaylar
14 iyul 1789 – Fransada inqilab baş verib. Üsyançı kütlələr Parisdəki Bastiliya qalasını ələ keçirib. XIV əsrdə inşa edilən Bastiliya Fransada mütləqiyyətin simvolu sayılırdı. Bir il sonra qala uçuruldu. Bastiliyanın alınması ilə başlanan inqilabi sarsıntılar bütün Avropada rezonans doğurdu. 14 iyul Fransanın milli bayramı kimi qeyd olunur.
14 iyul 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın birinci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevi Azərbaycan KP MK-nın birinci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider kimi müstəsna yer tutacaq şəxsiyyətin böyük siyasətə və hakimiyyətə gəlişi idi.
14 iyul 1998 – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 15 il müddətinə təyin olunurlar. Məhkəmənin sədri və sədr müavini Prezident tərəfindən təyin edilir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 iyul 1860 – Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860–1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan “Qafqaz” kitabının müəllifidir.
14 iyul 1903 – Amerika yazıçısı İrvinq Stoun (İrving Stone; 1903 – 29.4.1989) anadan olub. Görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
14 iyul 1904 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978) İsaak Başevis-Zinger (İsaac Bashevis Singer; 1904–1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.
14 iyul 1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905–1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.
14 iyul 1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914–2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib.
14 iyul 1918 – İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst İngmar Bergman; 1918 – 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
14 iyul 1928 – Gürcü yazıçısı Nodar Dumbadze (1928 – 4.9.1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan