Azərbaycan Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Milli Kitabxanasının direktoru professor Kərim Tahirov giriş sözündə kitablar haqqında danışıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirində və ədəbiyyatında günəş kimi parlayan, zəngin və dərin keçmişə malik bir şəxsiyyətdir.

Prezident İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirən Kərim Tahirov mütəfəkkir şairin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatında Azərbaycan, ərəb və fars dillərində yazan nadir şəxsiyyətlərindən biri, hər üç ədəbiyyatda öz möhtəşəm izini qoymuş bir düha olduğunu söyləyib. O, təqdimatı keçirilən hər iki nəşrin füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı təhlil edib. Bildirib ki,  hər iki nəşr Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlığının örnəyi kimi çox qiymətlidir.  7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500-dən çox əlyazma və daşbaşmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-tədqiqat əsəri olduğunu söyləyib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, dosent Ataəmi Mirzəyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış ediblər.

Çıxışçılar Füzuli irsindən, yaradıcılığından ətraflı bəhs edərək, dahi şairin Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində tutduğu yer, müasir ədəbiyyatda onun ədəbi-bədii dili, üslubu, Füzuli dilinin obrazlılığından geniş söhbət açıblar. Bu gün təqdimatı keçirilən hər iki kitabın bir-birini tamamladığını, Füzuli irsini araşdıranlara və Füzuli xiridarlarına böyük bir hədiyyə, töhfə olduğunu söyləyiblər. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik ediblər.