Yaradıcı Mərkəzdə mədəniyyət və yaradıcı sahələr üzrə təhsilin inkişafına həsr olunmuş görüş keçirilib.
Görüşdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər.
Görüşün əsas məqsədi yaradıcı sahələr üzrə təhsilin inkişafını sürətləndirmək, universitetlərlə əməkdaşlıq platforması formalaşdırmaq və tələbələrin praktik bacarıqlarının artırılması üçün Yaradıcı Mərkəzin imkanlarını müzakirə etməkdir.
İştirakçılar Yaradıcı Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və startap təşəbbüsləri ilə yaxından tanış olublar. Gənclərin inkişafına töhfə verən innovativ layihələr qonaqlar tərəfindən maraqla qarşılanıb.
Söhbət zamanı kadr hazırlığı, yeni ixtisasların yaradılması və təhsil-sənaye əməkdaşlığının möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Yaradıcı iqtisadiyyatın inkişafı üçün elm, təhsil və sənaye qurumları arasında sıx tərəfdaşlığın vacibliyi vurğulanıb.