Xəbər verildiyi kimi, iyulun 10-da dünyaca məşhur MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

15 ölkədən səyyahların yer aldığı 30 nəfərlik heyətə MTP klubunun təsisçisi amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Səyyahlar səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.

Onlardan bir neçəsi Şuşa poçt şöbəsindən Avropaya və ABŞ-a məktub göndəriblər. Filippinli Rhodora Burton Legaspi Nyu-Yorka, irlandiyalı David Joseph Langan isə İrlandiya və Kanadaya məktub göndərib.

Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağa və Şərqi Zəngəzura 13 dəfə səfər təşkil edilib.