8-9 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirak edib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib.
Fuad Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraq turizm üzrə statistik göstəricilərdən bəhs edib.
Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.
Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid Muzey Kartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələr tərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyata keçirilməsi təklifi müzakirə edilib.
İclas çərçivəsində “Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
***
TDT Turizm nazirlərinin X toplantısında Ankara şəhərinin 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” seçilməsi barədə qərar da qəbul edilib.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşım edib.
O, tarixi, mədəniyyəti və ruhu ilə bu adın Ankaraya çox yaraşdığını vurğulayıb.