Tarixdəki olaylar
10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri Kərrar dəmir yolu stansiyasını ələ keçirib.
10 iyul 1940 – Fransada III Respublika süqut edib. Hitler Almaniyası ölkənin ərazisinin üçdə ikisini işğal edəndən sonra Vişi şəhərində toplaşan Fransa Milli Assambleyası səlahiyyətlərini yerə qoyub. Faşistlərin marionet lideri sayılan marşal Filipp Peten ölkənin formal rəhbəri təyin edilib.
10 iyul 1973 – Britaniyanın Vest-İndiadakı müstəmləkəsi olan Baham adaları (ərazisi 14 min kv.km) müstəqilliyini elan edib. 1492-ci ildə ispanlar tərəfindən kəşf edilən Baham adaları XVIII əsrin sonunda ingilislərin nəzarətinə keçmişdi. Hazırda Baham adaları dünyanın məşhur turizm və azad iqtisadi zonası hesab olunur.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871 – 18.11.1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin müəllifidir.
10 iyul 1909 – Azərbaycanın ilk sənədli film rejissorlarından Niyazi Mustafa oğlu Bədəlov (1909 – 2.11.1997) Şəkidə anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarındandır.
10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.
10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 – 12.9.1979) anadan olub.
10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 – 17.4.2009) Cəbrayıl şəhərində doğulub. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Axirət sevdası” və s. kitabların müəllifidir. Əsərləri xarici dillərə tərcümə edilib.
10 iyul 1931 – Kanada yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2013) Elis Manro (Alice Ann Munro; 1931 – 13.5.2024) anadan olub.
10 iyul 1937 – Əməkdar incəsənət xadimi, şairə, dramaturq Kəmalə Ağa qızı Ağayeva (1937 – 18.7.2019) Naxçıvan şəhərində anadan olub. Mənzum pyesləri (“Məhsəti”, “O, bizim dağların oğludur”, “Göyçək Fatma” və s.) teatrlarda tamaşaya qoyulub.
10 iyul 1949 – Əməkdar artist İbrahim Əsgər oğlu Əliyev (1949 – 26.11.2020) Bakıda anadan olub. Filmlərdə (“Güllələnmə təxirə salınır!”, “Qətl günü”) çəkilib, Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.
10 iyul 1953 – Əməkdar incəsənət xadimi Ələkbər Rauf oğlu Kazımovski (1953 – 19.9.2016) anadan olub. 1974-cü ildən Azərbaycan Televiziyasında işləyib, film-tamaşa və sənədli telefilmlərin rejissoru olub.
Hazırladı: Vüqar Orxan