İyunun 26-da Türkiyənin Ankara Universitetinin rektorluq binasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi heyətlə yanaşı, müxtəlif beynəlxalq və yerli qurum və təşkilatların, ali təhsil ocaqlarının nümayəndələri, diplomatlar, elm xadimləri iştirak ediblər.
Tədbiri açan Ankara Universitetinin rektoru professor Necdet Univar rəhbərlik etdiyi təhsil qurumunda vaxtı ilə Ümummilli lider Heydər Əliyevə fəxri doktor adının verildiyini xatırladıb.
İki qardaş ölkə arasındakı əməkdaşlığın elm və təhsil sahəsində də uğurla davam etdiyini vurğulayan rektor AMEA-nın rəhbərliyinə bu prosesə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, AMEA nailiyyətlərlə zəngin yol keçərək, respublikamızın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb.
“Bu günkü tədbir Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrası kontekstində böyük əhəmiyyətə malikdir. Yubiley tədbirimiz ilk dəfə ölkəmizdən kənarda, qardaş Türkiyədə qeyd olunur. Bu addım qardaşlığımızın və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi birlik nümunəsinin, Türk dünyası ölkələrinin sarsılmaz birliyinin sübutudur”, - deyə akademik vurğulayıb.
AMEA-nın prezidenti bu tədbirin Türkiyənin elmi və təhsil qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni birgə layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim Azərbaycanın zəngin ənənəyə malik türkologiya elminin və Türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker də Türkiyə-Azərbaycanın birliyinə diqqət çəkib. “Zəlzələ bölgəsinin bərpasında da qardaş Azərbaycanın dəstəyini gördük, hiss etdik. Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə bir daha təşəkkür edirik”, - deyən Muzaffer Şeker türk xalqının da bütün sahələrdə Azərbaycana dəstək olduğunu bildirib.
Sonra AMEA-nın prezidenti İsa Həbibbəyliyə Türkiyə Elmlər Akademiyasının fəxri doktoru diplomu təqdim olunub.
Türkiyə Elmlər Akademiyasına AMEA-nın tarixinə həsr olunan tablo hədiyyə edilib.
“Azərbaycanın elm məbədi” filminin nümayişinin ardından tədbir panel müzakirələri ilə davam edib.