Xəbər verildiyi kimi, iyunun 26-sı gecə saatlarında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində film çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış və yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

Partlayış hadisəsi “Azərbaycanfilm” kinostudiyasının ərazisində uzun müddətdir istifadə olunmayan anbarda baş verib.

Bu isə Mədəniyyət Nazirliyinin hadisədən az sonra yaydığı operativ məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülüb, əraziyə texniki ekspertlər cəlb olunub.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri – nazir müavini Murad Hüseynov, Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov dərhal hadisə yerinə gəliblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə baş çəkib.

***

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə iyunun 27-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.