Tarixdəki olaylar

 

27 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.

Həmin gün Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət “Qafqaz İslam Ordusu” Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti” qoşunlarını məğlub edib. Bu zəfər Xalq Cümhuriyyəti Hökumətinin ölkəyə nəzarəti təmin etməsi üçün başlanan hərbi əməliyyatların gedişində önəmli dönüş olub. “Qafqaz İslam Ordusu” daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçib.

 

27 iyun 1977 – Şərqi Afrikada Fransanın müstəmləkəsi olan Cibuti müstəqilliyini elan edib. Ərazisi 23 min kvadrat kilometr, 1 milyona yaxın əhalisinin 95 faizi müsəlman olan Cibuti XIX əsrin ikinci yarısında Fransanın nəzarətinə keçmişdi.

 

27 iyun 1991 – Erməni silahlı dəstələri Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd) rayonunun Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər. Bu, Qarabağda münaqişə başlanandan sonra ermənilərin azərbaycanlıların yaşayış məntəqəsinə ilk böyük hücumu idi. Qaradağlı kəndi 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən işğal olundu, onlarla sakin öldürüldü və əsir götürüldü.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 iyun 1941 – Polşa kinorejissoru Kşiştof Keslovski (1941 – 13.3.1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

 

27 iyun 1951 – Əməkdar incəsənət xadimi, aşıq Əsəd Əhməd (Məhəmməd) oğlu Rzayev (1874, Tovuz – 1951) vəfat edib.

 

27 iyun 1985 – Xalq artisti, tanınmış pianoçu, pedaqoq Kövkəb Kamil qızı Səfərəliyeva (3.1.1907 – 1985) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

 

27 iyun 2013 – Xalq artisti, görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 – 2013) vəfat edib. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb, kinoda, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

Hazırladı: Vüqar Orxan