Xəbər verdiyimiz kimi, 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün genişmiqyaslı bayram tədbiri keçirilib.

Bayram tədbirində Uşaq İncəsənət Festivalı iştirakçılarının çıxışları böyük maraqla qarşılanıb.

Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası da maraqlı və maarifləndirici təqdimatlarla fəal iştirak edib.

Kitaba və mütaliəyə maraq yaratmaq məqsədilə qiraət pavilyonunda təşkil olunan kitab sərgisi və qiraət saatları uşaqların marağına səbəb olub.

Qiraət pavilyonun açılışında uşaqlar Azərbaycanın Dövlət Himnini qürurla canlı ifa ediblər.

Respublika Uşaq Kitabxanasının keçirdiyi “Türk dünyasının Bəxtiyarı” şeir qiraəti müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.

1-ci yerə Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzindən Yusif Allahverdiyev və Cəmilə İbrahimli, 2-ci yerə 49 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Xaləddin Səfərli, 3-cü yerə isə 187 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Nihat Quliyev layiq görülüblər.

Qiraət saatlarında uşaq yazarı Solmaz Amanova əsərlərindən parçalar oxuyub, uşaqlar üçün interaktiv oyunlar təşkil edib.

Açıq havada təşkil edilən bu təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşmasına və ədəbiyyata maraqlarının artmasına xidmət edir. Balaca oxucular sərgilənən nəşrlərlə tanış olaraq, seçdikləri kitabları mütaliə ediblər.