Xəbər verdiyimiz kimi, mayın 24-dən iyunun 1-dək Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (LitBookFest) keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binası önündəki parkda təşkil olunan festivalın beşinci günü – 28 may Azərbaycan ədəbiyyatına həsr olunub.

Həmin günün tədbirləri sırasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın “Gül dəftəri” kitab-albomunun təqdimatı da keçirilib.

Kitabın tərtibçisi, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Qarabağ xanlığının son varisi, şəxsiyyəti Azərbaycan qadınının fenomeni kimi təqdim olunan Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatına, ictimai həyatına və mədəni mühitinə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, Natəvanın “Gül dəftəri” şeirlər albomunun UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin yüksək səviyyədə qiymətləndirildiyinin bariz nümunəsidir.

İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nəşr layihəsinin rəhbəri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova toplunun 2023-cü ildə Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ilə bağlı görülən işlərdən bəhs edib. Bildirib ki, kitabda Natəvanın özünün və yaxınlarının fotoları, bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltəraşlıq nümunələri) və s. əks olunub.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov və elmi katib, tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli də nəşrlə fikirlərini bölüşüblər.

Tədbirdə Natəvanın sevgiyə, təbiətə həsr olunmuş şeirləri səsləndirilib.