“TRT İstanbul” radiosunun “TRT Türkü” kanalında hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” verilişinin bu həftədəki proqramı 28 May – Müstəqillik Gününə həsr olunub.
Proqramda Azərbaycanın müstəqillik tarixini əks etdirən şüarlar, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri və istiqlal şairi Əhməd Cavadın “Azərbaycan” şeiri səsləndirilib.
Verilişdə Azərbaycanın keçdiyi müstəqillik yolundan söz açılıb, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzu diqqətə çatdırıılıb.
Proqram çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn "Azərbaycan rüzgarı-2" rəqəmsal musiqi albomunun təqdimatı olub.
Bu barədə məlumat verən verilişin müəllifi və aparıcısı Səidə Ömər bildirib ki, “Azərbaycan rüzgarı” proqramının əsas hədəflərindən biri Türkiyədə milli mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ etməkdir. Bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondunun töhfəsi ilə Azərbaycan muğamları və xalq mahnılarından ibarət rəqəmsal musiqi albomu hazırlanıb.
Albomda muğam parçaları, "Laçın", "Azərbaycan maralı", "İrəvanda xal qalmadı", "Tellərini yan dara qız" xalq mahnıları yer alıb. Musiqi əsərlərini azərbaycanlı tarzən, Türkiyənin Qazi Universitetinin doktorantı Pərviz Musayev ifa edib. Həmçinin musiqinin müşayiəti ilə Səidə Ömər tərəfindən Mikayıl Müşfiqin "Oxu, tar" və Rəsul Rzanın “Mən torpağam” şeirləri səsləndirilib.
Səidə Ömər layihənin həyata keçirilməsinə görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü ifadə edib. Qeyd edib ki, fond Türkiyənin fərqli televiziya kanallarında yayımlanan "Azərbaycan rüzgarı" proqramına dəstəyini əsirgəməyib. Hazırlanan albomun fond tərəfindən “TRT İstanbul” radiosunun arxivinə hədiyə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın 28 May – Müstəqillik Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən İstanbulda konsertdə albomdan səsləndirilən “Laçın” və “İrəvanda xal qalmadı” mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.