Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə mayın 23-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub.
Filmə 278 nömrəli tam orta məktəbin müəllim və şagirdləri baxıblar.
Sənədli film Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal edilib.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.
Ekran əsəri 2020-ci ilin 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olan Hadrut əməliyyatına həsr olunub. Filmdə Hadrut əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar və hadisələrin real görüntüləri yer alıb. Bu materiallar vasitəsilə tamaşaçılara Hadrutun azad olunması prosesinin ətraflı və emosional kino təsviri təqdim olunur.
Film nümayişindən sonra məktəblilər Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən ekspozisiya ilə tanış olublar.