Belçikada 64-cü dəfə keçirilən dünyanın nüfuzlu karikatura müsabiqəsi – "Grand Prize Golden Hat Knokke-Heist 2025” başa çatmaq üzrədir.

Bu il müsabiqəyə 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb.

Mayın 12-də beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib.

Azərbaycandan müsabiqədə iştirak edən tanınmış rəssam Soltan Soltanlının da bir əsəri final üçün seçilən rəsmlər arasındadır.

Soltan Soltanlı müsabiqənin yekun sərgisinin açılışına dəvət olunub.

Bu barədə rəssam medeniyyet.info.az-a bildirib.

Final sərgisinin açılışı iyunun 28-də Knokke-Heist şəhərində keçiriləcək. Sərgi avqustun 24-dək davam edəcək.

Qeyd edək ki, "Grand Prize Golden Hat Knokke-Heist 2025”in saytında yer alan məlumata görə, müsabiqənin təşkilatçıları tərəfindən qaliblər üçün aşağıdakı mükafatlar müəyyən edilib: “Golden Hat” (“Qızıl şlyapa”) – 5 000 avro; “Silver Hat” (“Gümüş şlyapa”) – 2 000 avro; “Bronze  Hat” (“Bürünc şlyapa”) – 1 000 avro və “Audience Award” (“Tamaşaçı rəğbəti mükafatı”) – 500 avro.