
Milli Kitabxanada Azərbaycanın ilk Xalq rəssamı, milli karikatura sənətinin banisi Əzim Əzimzadənin (1880–1943) anadan olmasının 145 illiyi münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan verilən məlumata görə, “Xalq rəssamı Əzim Əzimzadə – 145” adlı sərgidə sənətkarın əsərlərindən nümunələr, həyat və yaradıcılığı haqqında Azərbaycan, rus və xarici dillərdə olan ədəbiyyatlar, eləcə də dövri mətbuat məqalələri nümayiş olunur.
Əzim Aslan oğlu Əzimzadə Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən əsərləri “Molla Nəsrəddin” jurnalında dərc olunub. Milli təsviri sənətdə karikatura janrının, kitab qrafikası sənətinin (M.Ə.Sabirin "Hophopnamə" kitabına illüstrasiyalar, 1914) banisi sayılır.
Əzim Əzimzadə 1914-cü ildən 1922-ci ilə qədər Sabirin şeirlərinə 55 illüstrasiya çəkib. "Molla Nəsrəddin" jurnalında 1922-ci ildən 1931-ci ilə qədər rəssamın 1200-dən çox karikaturası çap edilib. O, həmçinin teatrlara geyim eskizləri və dekorasiyalar çəkib.
Rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. 1967-ci ildə həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilib. Bakıda Əzim Əzimzadənin ev-muzeyi, adına küçə var.