Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı olaraq elm, incəsənət xadimləri, eləcə də ictimai xadimlərlə görüşlər keçirilir. Belə görüşlərin məqsədi musiqinin cəmiyyətdəki mövqeyi ilə bağlı fikir mübadiləsinin, müzakirələrin aparılmasıdır. Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə keçirilən görüşdə də bu mövzudan bəhs olunub.

Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə millət vəkilinə görüşdə iştirakına görə təşəkkürünü bildirib və onun ictimai-siyasi fəaliyyətini yüksək dəyərləndirib.

Aydın Mirzəzadə doğulub boya-başa çatdığı və onu formalaşdıran mühitdən bəhs edib. Aşıq Ələsgər şəcərəsindən olması, valideynlərindən aldığı ədəb-ərkan, müəllimlərinin sayəsində kamil elmi biliklərə yiyələnməsi və nəhayət, ictimaiyyətdə tutduğu mövqeyə qədər keçdiyi həyat yolundan maraqlı faktlarla söhbət açıb.

Milli Məclisin deputatı öz arxivində qoruyub saxladığı və əldə etdiyi nadir nüsxələri, o cümlədən L.V.Bethovenin fortepiano sonatalarının qədim nəşrinin klavir şəklində variantını tədbir iştirakçılarına təqdim edib.

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, Əməkdar incəsənət xadimi, professor Mehriban Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı çıxış edərək belə görüşlərin əhəmiyyətindən danışıb, millət vəkilinə təşəkkürlərini bildiriblər.

Qonağa Bəstəkarlar İttifaqı adından Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarının elmi seminarlarından musiqişünasların çıxışları əsasında hazırlanmış məqalələr toplusu, “Heydər Əliyev və musiqi mədəniyyəti”, “İlham Əliyev və musiqi mədəniyyəti” (ideya müəllifi Firəngiz Əlizadə; tərtibçi-müəllif Səadət Təhmirazqızı) kitabları hədiyyə edilib.