Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.

Muzeydən bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş sinif konserti Xalq artisti, professor Ülviyyə Hacıbəyova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının təşəbbüsü ilə keçirilib.

Konsert proqramında tələbələr Ü.Hacıbəyli, J.S.Bax-Buzoni, S.Prokofyev, K.Debüssi, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, J.Ramo, F.Şopen, P.Çaykovskiy kimi görkəmli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən söz açıb, onun ənənələrini davam etdirən gənc musiqiçilərin ifalarını təqdir edib. Qeyd olunub ki, belə konsertlərin reallaşması, peşəkarlıqla hazırlanmış proqramın təqdimatı Azərbaycan musiqi mədəniyyəti irsinin yaşadılması üçün böyük əhəmiyyət daşıyır.