Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında təşkil olunmuş “Muzey və mədəni turizm problemləri” mövzusunda XXIII elmi-praktiki konfransda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları da iştirak ediblər. 

Muzeydən bildirilib ki, tədbirə onlayn qoşulan filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Muzeyin COP29 gündəliyi” mövzusunda çıxış edib. O, 2024-cü ildə Azərbaycanın ev sahibliyi ilə gerçəkləşən COP29 günlərində 32 ölkənin müxtəlif peşə sahiblərinin Ədəbiyyat Muzeyini ziyarət etməsindən danışıb, onların milli-mənəvi dəyərlərimizə, xalqımıza olan maraqlarının, sevgilərinin rəylər və təəssüratlar kitabında xatirə olaraq qeyd etdiklərini söyləyib.

Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva isə “Səksən illik söz məbədi” mövzusunda məruzəsində Ədəbiyyat Muzeyinin müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb, muzeyin binası, yaranma tarixi, ekspozisiya ilə bağlı ətraflı məlumat verib.