Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının növbəti ədəbiyyat icmalı təşkil edilib.
Aprelin 22-də keçirilən tədbirdə Bakı şəhəri 172 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Əvvəlcə onlar kitabxana ilə tanış olublar. Şagirdlərə kitabxananın fəaliyyət istiqamətləri və zəngin ədəbiyyat fondu haqqında məlumat verilib.
İcmalda şagirdlərə həm yerli, həm də xarici müəlliflərin əsərləri təqdim olunub.
Yazıçı Reyhan Yusifqızının “Dostum Mimi” kitabı, dünya ədəbiyyatının tanınmış nümunələri – Eleanor Porterin “Sadəcə David”, Laymn Frenk Baumun “Oz ölkəsinin qəribə sehrbazı” və Oskar Vayldın “Xoşbəxt şahzadə” əsərləri haqqında ətraflı məlumat verilib. Əsərlərin mövzu, ideya və tərbiyəvi əhəmiyyəti şərh olunub.
Bu qəbildən tədbirlər uşaqların mütaliəyə marağının artırılması, düşüncə və təxəyyül dünyalarının zənginləşməsi baxımından əhəmiyyət daşıyır.