Milli Kitabxanada məşhur memar, akademik Mikayıl Hüseynovun (1905–1992) 120 illik yubileyinə həsr olunmuş kitab sərgisi açılıb.

Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycan milli memarlığının zənginləşməsində və inkişafında böyük rol oynamış alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Mikayıl Hüseynovun əsərləri, XX əsr Azərbaycan memarlığının şah əsərləri sayılan tikililərin fotoları, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi, akademik Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda dünyaya göz açıb. 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinin memarlıq şöbəsinə daxil olub. 1929-cu ilin dekabrında “Bakı şəhərində mədəniyyət sarayı və kitabxana” mövzusunda diplom layihəsi müdafiə edən M.Hüseynov mühəndis-memar diplomu alıb.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması 1930-cu illərə təsadüf edir. Azərbaycan Milli Kitabxanası, AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Elmlər Akademiyasının kompleks şəhərciyi, Bakı Metropoliteninin “Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri və s. müxtəlif tipli memarlıq abidələri Mikayıl Hüseynovun adı ilə bağlıdır.

Akademik Mikayıl Hüseynov ölkəmizin yeganə alimidir ki, İngiltərə Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.