16-17 aprel tarixlərində Qazaxıstanın paytaxtı Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir. Tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və ekspertləri iştirak edirlər.

Forum panel sessiyaları media sektorunda inkişaf perspektivləri və əməkdaşlıq imkanları, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və böyük informasiya axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliği kimi mövzulara həsr olunub. 

***

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov II Mərkəzi Asiya Media Forumunda çıxış edib.

Əhməd İsmayılov qeyd edib ki, regional media forumları, birgə layihələr, transsərhəd təlim proqramları və regional xəbər agentliklərinin gücləndirilməsinə yönəlmiş tədbirlər kimi təşəbbüslər birliyə və ortaq məqsədlərə xidmət edir.

“Ölkələrimiz arasında media sahəsində əməkdaşlıq bu sahənin inkişafı və böyüməsini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. İnformasiya məkanının konsolidasiyası elə bir vəzifədir ki, onu heç bir ölkə təkbaşına yerinə yetirə bilməz. Qlobal çağırışlar kollektiv fəaliyyət tələb edir. Media diplomatiyası isə sərhədlərarası layihələr, birgə araşdırmalar və mədəni mübadilələr vasitəsilə həmrəyliyə töhfə verə bilər”, – deyə o bildirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru diqqətə çatdırıb ki, bir neçə həftə sonra Özbəkistandakı müxtəlif qurumların mətbuat katibləri və jurnalistləri üçün Azərbaycana mətbuat turu təşkil olunacaq. Ardınca isə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri planlaşdırılır.

“Bu təşəbbüslər açıq şəkildə göstərir ki, qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan inteqrasiya olunmuş regional informasiya məkanının yaradılması əsas vəzifədir. Belə bir inteqrasiya informasiya təhlükəsizliyini gücləndirəcək, mədəni dialoqu dərinləşdirəcək və Mərkəzi Asiyanın qlobal informasiya məkanında daha fəal və görünən mövqeyini təmin edəcək”, – deyə o qeyd edib.

Əhməd İsmayılov bildirib ki, media dövlət və cəmiyyət arasında körpü rolunu oynayır, ictimai həmrəyliyi və milli kimliyi möhkəmləndirir: "Etibarlı informasiya mənbələri cəmiyyətin mürəkkəb reallıqlarda düzgün istiqamət götürməsinə kömək edən məlumatlı və şüurlu vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verir. Buna görə də media savadlılığını artırmaqla, biz məlumatlı və məsuliyyətli cəmiyyətin əsasını qoyuruq”.

***

Mərkəzi Asiya ölkələri ortaq telekanal və vahid media platforması yaradacaq. 

Bunu isə II Mərkəzi Asiya Media Forumunun açılışında çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib.

Nazir xatırladıb ki, informasiya qarşılıqlı fəaliyyətinin fəallaşması məsələsi regional liderlər səviyyəsində dəfələrlə qaldırılıb. Qazaxıstan ortaq Mərkəzi Asiya televiziya kanalının yaradılması və regionun potensialı, bu ərazidə yaşayan xalqların dostluğu və birliyi haqqında məlumat verəcək televiziya layihələrinin, habelə xalqlarımızın tarixi və kimliyinə dair maarifləndirici televiziya və radio proqramlarının hazırlanması ideyasını dəstəkləyib.

A.Balayeva bildirib ki, hazırda Mərkəzi Asiya ölkələri regionda informasiya əməkdaşlığının gücləndirilməsinə yönəlmiş birgə televiziya kanalı və regional media platformasının yaradılması imkanlarını nəzərdən keçirir.

***

Forum çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva arasında görüş keçirilib.

Agentlikdən verilən xəbərə görə, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Tərəflər arasında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. 
 
***
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə də görüşüb.

Görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.