Qətər Dövləti Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. Bu sıraya səhiyyə sahəsində əlaqələr də daxildir.
Bu məsələ Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə Qətər Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri arasında görüşdə müzakirə olunub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə T.Musayev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, həmçinin Azərbaycanla Qətər arasında səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Səfir Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat ölkəsinin Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçirilib.