Gürcüstan və Azərbaycan alimlərinin iştirakı ilə “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin ikinci hissəsinin icrasına başlanılıb.
Bu barədə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani Bakıda AMEA-nın Elm Gününə həsr olunmuş tədbirində çıxışı zamanı danışıb.
AMEA-dan bildirilib ki, İrma Ratiani Azərbaycanın elmi ictimaiyyətini Elm Günü (27 mart (1945) – AMEA-nın yarandığı gün – red.) münasibətilə təbrik edib.
Rəhbərlik etdiyi qurumun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə 10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İrma Ratiani “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin ilk hissəsi artıq yekunlaşıb, aparılan tədqiqatların nəticəsi olan kitab həm gürcü dilində, həm də Kembric Universitetinin nəşriyyatında ingilis dilində işıq üzü görüb.
Layihənin ikinci hissəsinin interdisiplinar olduğunu deyən institut direktoru layihədə ədəbiyyatşünas alimlərlə yanaşı, sənətşünasların, musiqişünasların və digər sahələri təmsil edən alimlərin iştirak etdiyini əlavə edib, akademik İsa Həbibbəyliyə əməkdaşlığa görə təşəkkürünü bildirib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda Rəqəmsal Ədəbiyyat Mərkəzinin yaradıldığını deyən professor AMEA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də əməkdaşlıq etməyə dəvət edib.
Çıxışdan sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianiyə və professor Maka Elbakidzeyə AMEA-nın təşəkkürnaməsini təqdim edib.