Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın 11 aprel 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilməsi nəzərdə tutulur.

XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya nüfuz edərək verilənlərin, həmçinin süni intellekt sistemlərinin müxtəlif iqtisadiyyat sektorlarına və həyat sferalarına inteqrasiyası əsasında qərar qəbuluna təsir göstərir. Bu məqam ortaya süni intellektin uzunmüddətli təsirləri, etik nəticələri və riskləri ilə bağlı məsələlər qoyur və sözügedən texnologiyanın təhlükəsizliyini, həmçinin faydalarını təmin etməyə yönəlmiş tənzimləyici siyasətlər haqqında müzakirələrə səbəb olur.

Bu sahənin tədqiqatçıları verilənlərin toplanılması və emalı, statistika, süni neyron şəbəkələri, formal məntiq və digər yanaşmalar daxil olmaqla geniş spektrli metodları uyğunlaşdırmağa nail olublar. Süni intellekt həmçinin bir sıra humanitar elm sahələrində (dilçilik, fəlsəfə, sənətşünaslıq və s.) və incəsənətdə də istifadə edilir. 

Təşkilat komitəsi süni intellektlə bağlı etik məsələlərdən tutmuş kibercinayətkarlığa kimi geniş spektrli məsələlər ətrafında müzakirəyə açıq olan bütün mütəxəssisləri, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. Konfrans aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:

1. Süni intellektin yaradıcılıq prosesində tətbiqi;

2. Süni intellekt və müəlliflik hüququ;

3. Süni intellektin mədəniyyətə təsiri;

4. Süni intellekt alətlərindən istifadənin ətraf mühitə təsiri;

5. Süni generasiya olunmuş məhsullar və cəmiyyətdə informasiya təhlükəsizliyi.

Konfransın işçi dilləri Azərbaycan, rus, türk və ingilis dilləridir. Əcnəbi iştirakçılar tədbirə Zoom platforması vasitəsi ilə qatılacaq.

İştirak üçün müraciətlər 25 mart 2025-ci il tarixinədək bu e-mail vasitəsilə qəbul olunur: admiuconference@gmail.com (koordinatorlar: Sevinc Məmmədova və Pərvanə Lətifli).