Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində "Aprel döyüşləri – Vətən müharibəsinin baş məşqi" adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər və rayon məktəbliləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı növbəti silahlı təxribat törədildiyi, lakin Azərbaycan Ordusunun qətiyyətli və uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirildiyi qeyd olunub.

Bildirilib ki, Aprel döyüşləri Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazılıb. Məhz Aprel döyüşlərində əldə olunan təcrübə 2020-ci ildə 44 günlük Vətən müharibəsində uğurla tətbiq olunub və nəticədə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib.

Çıxışlardan sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub, məktəblilərin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.