Xəbər verdiyimiz kimi, İtaliyanın “Case della Memoria” Milli Assosiasiyasının təşəbbüsü və Beynəlxalq Muzeylər Şurasının (ICOM) dəstəyi ilə 5-6 aprel tarixlərində dünyanın müxtəlif ölkələrində "Beynəlxalq Ev-Muzeyləri Günləri" keçirilib.

Bu təşəbbüsə ölkəmizdəki ev-muzeyləri də qoşulub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarında bu münasibətlə tədbirlər keçirilib. Bu barədə muzeyin yaydığı məlumatda bildirilir.

***

Vaqif Mustafazadənin Ev-Muzeyində aprelin 5-də “Vaqif Mustafazadəyə sevgi ilə” adlı konsert keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən çıxış edib.

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin direktor müavini Səbinə Əliyeva və Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva şagirdlərə uğurlar arzulayıblar.

Sonra V.Mustafazadə adına 2 nömrəli UİM-in və Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri rəngarəng konsert proqramı təqdim ediblər.

***

Niyazinin Mənzil-Muzeyində aprelin 5-də musiqili təqdimat olub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ilk dəfə keçirilən Beynəlxalq Ev-Muzeyləri Günləri haqqında məlumat verib. Muzeyin şöbə müdiri Xanım Abdinova gənc istedadlara uğurlu çıxışlar arzu edib.

Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi məktəbinin şagirdləri “Uşaqların sevinci” adlı musiqili proqram təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Əşrəf Abbasov və Sevinc İbrahimovanın uşaq mahnıları, Cəlal Abbasovun “Şən bahar” musiqi səhnəcikləri böyük maraqla qarşılanıb. Musiqili tamaşanın bədii rəhbəri məktəbin müəllimi, musiqişünas Sevinc İbrahimovadır.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev- Muzeyində də Beynəlxalq Ev-Muzeyləri Günlərinə həsr olunmuş konsert keçirilib.

Muzeyin müdiri Lətifə Məmmədova görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi və yaradıcılıqlarının təbliğində ev-muzeylərinin rolu haqqında  danışıb.

Pianoçular – respublika və beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov, Xəyal Əsədov, Surə Həsənli, Azərbaycan Milli Konservatoriyasının (AMK) baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədova və AMK nəzdində İncəsənət Gimnaziyasının şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Proqramda Qara Qarayevin və dünya klassiklərinin əsərləri səslənib.