İtaliyanın “Case della Memoria” Milli Assosiasiyası (Florensiya şəhəri) Beynəlxalq Muzeylər Şurasının (ICOM) Tarixi Ev-Muzeyləri üzrə Beynəlxalq Komitəsi (DEMHIST) və Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitəsi (ICLCM) ilə əməkdaşlıq çərçivəsində "Beynəlxalq Ev-Muzeyi Günləri" layihəsini elan edib.

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyindən bildirilib ki, layihənin məqsədi tarixi şəxslərə aid evləri və onların irsini tanıtmaqdır.

"Beynəlxalq Ev-Muzeyi Günləri" ilə bağlı aprelin 5-6-da müxtəlif ölkələrdəki ev-muzeylərində xüsusi proqramlar keçirilib.

Ölkəmiz də bu tədbirlərə qoşulub. Rostropoviçlərin ev-muzeyində bu çərçivədə müxtəlif tədbirlər təşkil olunub.

Aprelin 5-də muzeydə "Açıq qapı günü" elan olunub. Gün ərzində ziyarətçilərə muzeyin əməkdaşları tərəfindən Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar keçirilib.

Aprelin 6-da isə “Muzeydə canlanan melodiyalar” adlı klassik musiqi konserti təşkil olunub. Qonaqlar Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında Q.Qarayev, A.Rzayev, C.Cahangirov, F.Mendelson kimi bəstəkarların əsərlərinə qulaq asıblar.

Tədbirdə muzeyin ziyarətçiləri, musiqisevərlər iştirak ediblər.