
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılar, gənc ssenaristlər və bu peşənin incəliklərini öyrənmək istəyənlər üçün davamlı təlimlər keçirir. Bu istiqamətdə işlərin davamı olaraq AKİ bu dəfə “Dramaturgiyanın 36 vəziyyəti” adlı təlim təşkil edəcək.
İttifaqdan bildirilib ki, kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında qurulacaq. Jorj Polti 1200 dramaturji əsəri analiz edib onların cəmi 36 vəziyyətdən ibarət təsnifatını verib.
AKİ-nin təlim proqramı üzrə hər dərsdə üç vəziyyət analiz ediliəcək, konkret nümunələrlə şərhlər veriləcək. İştirakçılar məşhur nəzəriyyə vasitəsilə dramaturgiyanın incəliklərini öyrənib öz sinopsislərini inkişaf etdirəcəklər.
Dərslər həftədə bir dəfə olmaqla 12 dərsi əhatə edəcək. Qeyri-iş saatlarında keçiriləcək dərslərlə yanaşı, təlimçi sinopsislərin inkişafı məqsədilə həftə içi iştirakçılarla görüşlər keçirəcək.
Təlimə müraciət etmək istəyənlər aprelin 15-nə qədər sinopsis (minimum 1 səhifə), motivasiya məktubu və bioqrafiyalarını info@aki.az elektron ünvanına “Dramaturgiyanın 36 vəziyyəti” başlığı ilə müraciət edə bilərlər.