Türkmənistanın paytaxtı Aşqabadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Türkmənistanda Azərbaycan incəsənətinə böyük maraq var. Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında bu il 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin ölməz əsəri sənətsevərlərin görüşünə gəlib.
Azərbaycan klassik musiqisinin incisi sayılan “Arşın mal alan”ın nümayişi alqışlarla qarşılanıb.
Məlumatda qeyd olunur ki, “Arşın mal alan” Türkmənistanda müxtəlif teatrlarda səhnələşdirilib, 1980-ci illərdən isə etibarən bu əsər A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq tamaşaya qoyulur. Əsər tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir.