Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa aprelin 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində göstərilib.
Tədbir Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Səhnə əsərini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qırğızıstanın Azərbaycandakı səfirliyinin müşaviri Asılbek İsayev və digər rəsmilər, mədəniyyət xadimləri, sənətsevərlər izləyiblər.
Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar.
Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu tamaşanın quruluşçu rejissoru Marat Kozukeev, səhnə tərtibatçısı Bakıt Tilekmatovdur. Tamaşanın səsləndirilməsi və musiqisi Abdı Osmonov, səhnə sistemi isə Daniyar Cancigitov tərəfindən həyata keçirilib.
Səhnə əsərində aktyorlar Adıl Bolorbek Uulu, Atay Ömürbekov, Şaygül Alseyitova, Daniyar Cancigitov, Albina İmaşova, Ercan Osmonov, Aysalkın Kıyıkbaeva, Arnis Kıdırmışev, Ceniş Kangeldiyeva, Kaliça Seydaliyeva, Askar Kaçkınbayev, Mahabat Asanbekova, Kanbolot Atakan Uulu, Cıldızbek Kaseyinov, Ömürbek İzrail Uulu iştirak ediblər.
Tamaşadan sonra çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qırğızıstanın Azərbaycandakı səfirliyinin müşaviri Asılbek İsayev, Qırğızıstan Milli Akademik Dram Teatrının bədii rəhbəri, Xalq artisti Egemberdi Bekboliyev, tamaşanın müəllifi, Xalq yazıçısı, Ç.Aytmatov adına Dövlət mükafatı laureatı, professor Kayrat İmanaliyev və Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tədbirin əhəmiyyətindən, Qırğızıstan və Azərbaycannın mədəni əlaqələrinin gələcək inkişafından danışıblar.
Qırğızıstan Milli Akademik Dram Teatrına Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Milli teatr” mükafatı təqdim olunub.
Azərbaycan tamaşaçılarına təqdim olunan “Dədə Qorqud” tamaşası Bakı səhnəsində uğurla oynanıldığına görə Azərbaycan Teatr Xadimləri İttifaqının diplomu ilə mükafatlandırılıb.
Əsərin müəllifi Kayrat İmanaliyev ATXİ-nin “Teatr xadimi” medalına, qonaq teatrın aktyorları Atay Ömürbekov Qoca Qorqud, Adıl Bolorbek Uulu Cavan Qorqud rolunun uğurlu təqdimatına görə ittifaqın fəxri fərmanlarına layiq görülüblər.