Tarixdəki olaylar
7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906–1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1920 – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Kütləvi çıxışlar 1919-cu ilin avqustunda bağlanan və Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq hüququ verən Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Üsyanın nəticəsi olaraq 1920-ci ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.
7 aprel 1946 –Dünya Səhiyyə Təşkilatı (World Health Organization – WHO) fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya Səhiyyə Günü kimi qeyd olunur.
7 aprel 1992 – Azərbaycanla İsrail dövləti arasında diplomatik əlaqələr qurulub.
7 aprel 2011 – Bakıda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil edilən tədbirə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatlar dəstək verib. Forumda 100-dək ölkə təmsil olunub. Prezidentin 27 may 2011-ci il tarixli fərmanı ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
7 aprel 1772 – Fransız filosofu, utopik sosializmin banilərindən Fransua Mari Şarl Furye (François Marie Charles Fourier; 1772–1837) anadan olub.
7 aprel 1883 – İtaliya rəssamı və heykəltaraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883–1966) anadan olub.
7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945) Qabriela Mistral (Gabriela Mistral – əsl adı Lucila Godoy Alcayaga; 1889 – 10.1.1957) anadan olub.
7 aprel 1920 – Hind bəstəkarı Ravi Şankar (1920 –11.12.2012) anadan olub. Sitar simli musiqi alətində virtuoz ifaçı kimi tanınıb.
7 aprel 1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.
7 aprel 1934 – Əməkdar memar İlham İsmayıl oğlu Əliyev (1934 – 12.12.2002) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının prezidenti (1992–2002) olub.
Hazırladı: Vüqar Orxan