Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor təyinatı olub. Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatra direktor təyin edilib.

A.Bəhramlı bu təyinatadək Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Arzu Asif oğlu Rzayev Musiqili Teatra yeni direktor müavini təyin olunub.

Xatırladaq ki, Akademik Musiqili Teatra 2008-ci ildən Əməkdar incəsənət xadimi Əliqismət Lalayev rəhbərlik edirdi.

***

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına iki direktor müavini təyin olunub.

Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrlərlə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov tutduğu vəzifədən azad olunaraq Opera və Balet Teatrının direktor müavini təyin edilib.

Adil Kərimlinin digər əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov da Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin olunub.

***

Mədəniyyət nazirinin imzaladığı müvafiq əmrə əsasən, Anar Babalı oğlu Sadıqov Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.

A.Sadıqov bu təyinata qədər Lənkəran Dövlət Dram Teatrının baş rejissoru idi.

***

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib. Nazirin müvafiq əmri ilə bu vəzifəyə Ülviyyə Firudin qızı Bəbirova təyinat alıb.

***

Salyan Dövlət Kukla Teatrına da yeni direktor təyin edilib. Mədəniyyət nazirinin əmri ilə Yaşar Muradov bu vəzifəni həyata keçirəcək.

***

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni baş rejissor təyinatı olub. Mədəniyyət nazirinin müvafiq əmri ilə rejissor Gümrah Ömər bu vəzifəyə təyin edilib.

***

Nazir Adil Kərimlinin daha bir əmri ilə Oruc Həmdulla oğlu Şərbətov Lənkəran Dövlət Dram Teatrının yeni direktor müavini təyin edilib.