Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi çapdan çıxıb. Cild ensiklopediyanın hazırlanmasında əlifba sırası ardıcıllığına uyğun olaraq H, X, I və İ hərfləri ilə başlanan mətnləri əhatə edir. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış 11-ci cild “Hindistanda xalq üsyanı” mətni ilə başlanır və “İqdam” mətni ilə başa çatır.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlanmış olsa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən çap edilməmişdi. Elə həmin il sentyabrın 27-də Vətən müharibəsi başlayıb. 44 gün davam edən bu savaş Qarabağ Zəfəri ilə başa çatıb. Bu, eyni zamanda, AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi qarşısında yeni vəzifələr qoydu. Beləliklə, bu tarixi hadisə ilə bağlı baş verən dəyişikliklər yeni nəşrdə əksini tapıb. İşğaldan azad edilmiş ərazilər, onlarla bağlı müxtəlif faktlar ensiklopediyanın tərtibində əlifba sıralanmasına uyğun olaraq yeni kitaba daxil edilib. Bununla yanaşı, Vətən müharibəsi ilə bağlı yeni fəxri adlar, medallar, tarixi əhəmiyyətli müqavilələr, görüşlər – bütün bunlar növbəti cildlərdə də əlifba sırasına uyğun ardıcıllıqla əksini tapacaq.

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi məzmun baxımdan milli kimliyimizi, qürurumuzu əks etdirir. Məsələn, Xocalı və Xocavənd ilə bağlı mətnlərdə bu ərazilərin 2023-cü ilin sentyabr ayında birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçdiyi bildirilir. Nəşrdə Xocalı rayonu ilə bağlı qədim tarixi, mədəni məlumatlarla yanaşı, eyni zamanda, 1992-ci il Xocalı soyqırımı hadisələrinin ağır nəticələri, bu soyqırımının 30 illiyi ilə bağlı Bakıda ümumxalq yürüşünü əks etdirən materiallar da yer alıb. Əlifba sıralamasına uyğun olaraq, Xocahan kəndi (Qubadlı rayonun) ilə bağlı mətndə bu kəndin 2020-ci il noyabrın 9-da işğaldan azad edildiyi göstərilib. Həmçinin Zəngilan rayonunun İkinci Ağalı, İkinci Alıbəyli kəndləri, Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsi ilə bağlı mətnlərdə onların işğaldan azad edildiyi tarixlər verilib.

Kitabda AMEA xəritələrindəki əsas şərti işarələr, abreviaturlar onu oxucular üçün daha asan edir. Bu cilddə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları və struktur bölmələri haqqında yığcam məlumat da yer alıb.

AMEA-nın məlumatında o da bildirilir ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mərhələlərini, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də iqtisadiyyatını, elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri yaxından iştirak edirlər.

***

Xatırladaq ki, müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının yaradılması üzərində iş 21 il əvvəl başlayıb. Prezident İlham Əliyev 2004-cü il 12 yanvar tarixində “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb nəşr edilməsi zərurəti qeyd olunurdu.

Ensiklopediyanın cildlərinin nəşrə hazırlanması və çapa təqdim edilməsi AMEA-nın tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat – “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində həyata keçirilir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.

Milli Ensiklopediyanın “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Azərbaycan dilində çapdan çıxıb.

Ensiklopediyanın əlifba sırası üzrə cildlərinin nəşrinə gəlincə, bu iş ötən müddətdə xeyli ləng gedib. 2009-2020-ci illərdə 10 cild işıq üzü görüb. 

2023-cü ildə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev "Mədəniyyət"ə açıqlamasında 11-12-ci cildlər üzərində iş getdiyini demişdi. 

O, həmçinin Milli Ensiklopediyanın 20 cilddə (A-dan Z-yə) nəşrinin nəzərdə tutulduğunu, məqalələrin sayına görə cildlərin sayının da arta biləcəyi bildirmişdi.

Yada salaq ki, 32 hərflik Azərbaycan əllifbasında "İ" 14-cü hərfdir...