31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Milli Kitabxana tərəfindən elektron məlumat bazası və virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Milli Kitabxanadan bildirilib ki, dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə hazırlanan “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırımı yaddaşlarda” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə https://anl.az/soyqirim/ linkində tanış olmaq olar.
“31 mart – tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgidə isə qan yaddaşımızın bu unudulmaz səhifəsi haqqında sənədlər, fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində törədilmiş talanların faciəli nəticələri – minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi, memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və s. obyektlərin məhv edilməsini tədqiq edən dövri mətbuatda çap olunan məqalələr, müxtəlif dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/31_Mart_Soyqirimi/index.htm linkindən istifadə edə bilərlər.
***
1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə Milli Kitabxanada ənənəvi kitab sərgisi də açılıb.
Sərgidə ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı, onun acı nəticələri, sənədlər toplusu, arxiv materialları, soyqırımı və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.