Prezident İlham Əliyev görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Şəfiqə xanım!
Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.
Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.
Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.
Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram”.
***
Qeyd edək ki, martın 30-da Şəfiqə Məmmədovanın 80 yaşı tamam olur. O, Akademik Milli Dram Teatrında oynadığı tamaşalarda, çəkildiyi filmlərdə (“Bizim Cəbiş müəllim”, “Ad günü”, “İstintaq” və s.) yaddaqalan obrazlar yaradıb. "Şəhərin yay günləri" tamaşasının yaradıcı heyəti ilə birlikdə Azərbaycan SSR Dövlət mükafatına (1980), "İstintaq" filminin yaradıcı qrupu ilə birlikdə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
“Şöhrət” (2000), “Şərəf” (2013) və 1-ci dərəcəli "Əmək" (2020) ordenləri ilə təltif edilib. Milli Məclisin deputatı (1995-2000) olub. 2012-2024-cü illərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (qurum 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına birləşib) rəhbərlik edib. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
***
Prezident İlham Əliyev martın 29-da Xalq artisti Şəfiqə Məmmədovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şəfiqə Haşım qızı Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə yüksək dövlət təltifinə layiq görülüb.
***
Dövlət başçısı martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev dedi:
– Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz. Hələ sovet dövründə siz həm Azərbaycan Respublikasının, həm Sovet İttifaqının dövlət mükafatlarına layiq görülmüsünüz. Müstəqillik illərində, 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Ondan sonra da Azərbaycan dövləti sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirərək sizi ali mükafatlarla təltif etmişdir. Mənim Sərəncamımla siz "Şərəf", Birinci dərəcəli "Əmək" ordenləri, Fəxri diplom ilə təltif olunmusunuz. Bu gün imzaladığım Sərəncam əsasında “İstiqlal” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək, ali mükafatı sizə təqdim edim.
Prezident İlham Əliyev “İstiqlal” ordenini Şəfiqə Məmmədovaya təqdim etdi.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Şəfiqə Məmmədova: Çox sağ olun, minnətdaram, cənab Prezident.
Mən bu gün səhərdən təbii ki, həyəcan içindəyəm. Möhtərəm cənab Prezident, bu gün mənim həyatımın ən xoşbəxt, ən mənalı və nəticəli günlərindən biridir. Hörmətli cənab Prezident, bu gün Siz mənə elə bir zirvəni, elə bir qüruru bəxş etmisiniz ki, mən ömrümün axırına kimi Sizə minnətdar olacağam. Qoy, Ulu Tanrı Sizi hifz eləsin, dövlətimiz üçün, xalqımız üçün, ailəniz üçün və bizim üçün qorusun. Allah Sizə o qədər güc-qüvvə versin ki, Siz bu böyük siyasətdə daha da yüksək zirvələri fəth edəsiniz.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun.
Şəfiqə Məmmədova: Var olun. Xahiş edirəm, Sizə və gözəl Mehriban xanıma olan dərin ehtiramımı, hörmətimi, məhəbbətimi qəbul edəsiniz.
Prezident İlham Əliyev: Mehriban da sizə salamlarını çatdırır, özü də təbrik edəcək.
Şəfiqə Məmmədova: Çox sağ olsun, var olsun. Var olun, cənab Prezident, adınız həmişə işıqlansın.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Şəfiqə Məmmədova: Minnətdaram, çox sağ olun.