Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkelinin həlak olması ilə əlaqədar Rusiyanın media ictimaiyyətinə başsağlığı verib.

Qeyd edək ki, rusiyalı media təmsilçiləri Ukraynanın RF-nin nəzarətində olan Luqansk vilayətində dron hücumu nəticəsində həlak olublar. Onların olduğu avtomobilə zərbə zamanı daha bir jurnalist – “Zvezda” telekanalının müxbiri Nikita Qoldin ağır yaralanıb.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır. Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir", – deyə başsağlığı mətnində vurğulanır.

Mətndə həmçinin diqqətə çatdırılır ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalıb: "1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir”.

Xatırladaq ki, indiyədək Rusiya-Ukrayna hərbi əməliyyat zonasında hər iki tərəfdən onlarla media mənsubu ölüb və yaralanıb. Son olaraq martın 26-da RF-nin "Birinci kanal"ının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində həlak olub.