Tarixdəki olaylar
29 mart 1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə – Car-Balakən bölgəsinə hücum ediblər. Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi. Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.
29 mart 1994 – Milli Məclisdə 1990-cı ilin 20 Yanvar hadisələrinə geniş hüquqi-siyasi qiymət verən qərar qəbul edilib. Bununla bağlı müzakirələr Prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və fasilələrlə iki aya yaxın davam etmişdi.
29 mart 2001 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında II Özəlləşdirmə Proqramı üzrə rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələrdə dövlət müəssisələrinin özəlləşdirilməsinə dair sənədlər paketini imzalayıb. Paketə 10-dək sərəncam daxil idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
29 mart 1938 – Əməkdar mədəniyyət işçisi Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub. “Azərbaycanfilm”də səs operatoru işləyib.
29 mart 1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
29 mart 1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946–1997) Lənkəranda anadan olub. Sumqayıt, Naxçıvan, Lənkəran teatrlarında çalışıb, filmlərə çəkilib.
29 mart 1949 – Türk musiqiçisi, bəstəkar, müğənni, şair Kayahan Açar (1949 – 3.4.2015) İzmirdə doğulub.
29 mart 1951 – Əməkdar incəsənət xadimi, pianoçu, dirijor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub.
29 mart 1976 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik Feyzulla Səməd oğlu Qasımzadə (22.2.1898 – 1976) vəfat edib.
29 mart 2024 – Tarix elmləri doktoru, arxeoloq Tufan Axundov (26.11.1946 – 2024) vəfat edib
Hazırladı: Vüqar Orxan