27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
Tarixdəki olaylar
27 mart 1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilib. Quruma M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.H.Hacınski, F.X.Xoyski, M.Əsədullayev və digər ziyalılar, milli burjuaziya nümayəndələri daxil idi. 1917-ci ilin Fevral inqilabından sonra, bütün Rusiya imperiyasında olduğu kimi, Azərbaycanda da ikihakimiyyətlilik vardı. Bolşeviklər “Bakı Soveti”ni yaratmış, Rusiya Müvəqqəti Hökumətinin yerli hakimiyyət orqanı kimi isə İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradılmışdı. Komitənin aparıcı təşkilatı Müsəlman Milli Şurası idi.
27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk EA Azərbaycanda yaranmışdı və respublika üzrə 16 elmi idarəni əhatə edirdi. Tanınmış alim, cərrah Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib. 27 mart Azərbaycanda “Elm günü” kimi qeyd edilir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 mart 1871 – Alman yazıçısı Henrix (Heinrich) Mann (1871 – 11.3.1950) anadan olub. Nobel mükafatı laureatı Tomas Mannın böyük qardaşıdır. Hitler hakimiyyətə gələndən (1933) sonra Fransaya, oradan da ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.
27 mart 1917 – Azərbaycanın Əməkdar artisti, vokalçı Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub.
27 mart 1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928–2016) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri işləyib.
27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub. “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.
27 mart 1939 – Türkiyənin tanınmış teatr və kino aktyoru, rejissor, ssenarist Kartal Tibet (1939 – 1.7.2021) anadan olub. 100-dən çox filmdə rol alıb.
27 mart 1986 – Görkəmli aktyor Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə unudulmaz obrazlar qalereyası yaradıb.
27 mart 2020 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (30.12.1937 – 2020) vəfat edib. 1960–70-ci illərdə “Qaya” kvartetinin solistlərindən biri kimi məşhurlaşıb.
Hazırladı: Vüqar Orxan