Tarixdəki olaylar
24 mart 1801 – Rusiya imperiyasında növbəti saray çevrilişi olub. Oğlu Aleksandrın razılığı ilə çar I Pavel qətlə yetirilib. Bundan sonra Rusiya taxt-tacında I Aleksandrın 24 illik çarlığı başlayıb.
24 mart 1990 – Azərbaycanın Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri Ermənistan silahlı dəstələrinin hücumuna məruz qalıb. Bağanis Ayrım kəndində yeddi dinc sakin qətlə yetirilib. Həmin günlərdə rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm kəndlərində onlarla sakin öldürülüb və yaralanıb.
24 mart 1992 – ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk şəhərində (Belarus) konfrans keçirmək barədə qərar qəbul edilib. Sonrakı müddətdə konfrans çağırılmadı, vasitəçilik təsisatı kimi formalaşan ATƏT-in Minsk Qrupu isə heç nəyə nail olmadı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər” və s. əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
24 mart 1879 – Türk şairi və məşhur ney ifaçısı Tevfik Kolaylı (Neyzen Tevfik; 1879 – 28.1.1953) Bodrumda (Muğla) doğulub.
24 mart 1926 – İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1997) Dario Fo (1926 – 13.10.2016) anadan olub.
24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda doğulub. Lənkəran Dram Teatrının ilk bədii rəhbəri və direktoru olub.
24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan