14-19 mart tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin istehsalat təcrübəsində olan tələbələrinin təqdimatında “Kitab klubu” rubrikası üzrə növbəti kitab icmalları keçirilib.

İcmalda uşaqlar üçün nəzərdə tutulan dünya ədəbiyyatı nümunələrindən A.Ekzüperinin “Balaca şəhzadə”, Aleksandr Dümanın “Üç müşketyor”, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən C.Məmmədquluzadənin “Anamın kitabı”, H.Cavidin “Ana” və “İblis”, C.Cabbarlının “Almaz” əsərləri və Mikayıl Müşfiq haqqında geniş məlumat verilib.

Böyük yaş qrupu üçün nəzərdə tutulan kitablar arasında Elxan Elatlının “Uğursuz gecə”, əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin “Min möhtəşəm günəş” və Viktor Hüqonun “Səfillər”, E.Mativenin “Bəs niyə səma mavidir?”, S.Alinin “İçimizdəki şeytan” adlı əsərləri də müzakirə olunub.

Sonda təqdimatçılar M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini səsləndiriblər.

Kitab icmallarının əsas məqsədi oxuculara ədəbi nümunənin əsas məzmununu, ideyalarını qısa və aydın şəkildə təqdim etmək, həmçinin oxuculara kitab haqqında ümumi məlumat vermək və onlara kitabın nə dərəcədə maraqlı və ya uyğun olduğunu müəyyən etməkdir.

***

Martın 19-da Respublika Uşaq Kitabxanasına Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlərə Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı haqqında məlumat verilib. Məktəblilərə həmçinin kitabxananın yaranma tarixi, fonduna daxil olan müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə danışılıb. Uşaqlar həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə məlumat alıblar. Həmçinin uşaqlar üçün nəzərdə tutulmuş elektron resurslar haqqında da söhbət açılıb.

Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.